İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR
Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini bildirib. Milyarder sahibkar hesab edir ki, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək və insanların işləməsi “könüllü seçimə” çevriləcək.
Onun fikrincə, bu proses nəticəsində dünyada “misilsiz bolluq” yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək. Mask hökumətlərin vətəndaşlara sadəcə maliyyə ödənişləri etməsinin kifayət edəcəyini, çünki maşınların istehsal etdiyi sonsuz məhsul və xidmət bolluğu fonunda inflyasiyadan daha çox deflyasiya riskinin yaranacağını bildirib.
Mask süni intellekt sahəsində təhlükəsizlik məsələlərinin beynəlxalq əməkdaşlıq tələb etdiyini də vurğulayıb. O, ABŞ və Çin daxil olmaqla aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini yoxlamasını və aşkar edilən riskləri hökumətlərlə bölüşməsini təklif edib.O, bu məqsədlə uzun müddətdir məhkəmə çəkişməsində olduğu OpenAI-ın rəhbəri Sem Altmanla da əməkdaşlığa hazır olduğunu bildirib.

